Şotlandiya millisi DÇ seçmə mərhələsinin son matçında Danimarka millisini qarşılayırdı.
Əzmli Şotlandiya millisi Danimarkanı 4-2 hesabı ilə məğlub etməyə nail oldu və bununla da şotlandlar 1998-ci ildən sonra ilk dəfədir ki, mundiala vəsiqəni təmin etdi.
Şotlandiya millisi sonuncu dəfə mundialda iştirak edəndə Braziliya, Norveç və Mərakeşin yer aldığı A qrupuna düşmüşdülər. Burada onlar sadəcə Norveç millisindən aldıqları 1 xalla qrup sonuncusu olaraq evə yollandılar. Bu qrupda onlar 2 qol vurub, 6 qol da buraxmışdılar.
Maraq qeyd:
1954: Uruqvay, Avstriya və Çexslovakiyanın yer aldığı 3-cü qrupda 0 xal. O zamanlarda 1 milli 2 matç keçirə bilərdi və burada şotlandlar 2-ci matçında Uruqvay millisinə 7-0 hesabı ilə məğlub olublar.
1958: Fransa, Yuqoslaviya və Paraqvayın yer aldığı 2-ci qrupda bu səfər 1 xalla qrup sonuncusu olublar. Yeganə xalı ilk matçda Yuqoslaviya millisinə qarşı alıblar: 1-1.
1974: Şotlandiya millisi artıq burada 3-cü dəfədir ki, çıxış edirdi və geridə qalan 2 ilə nəzərən ən böyük nailiyyəti məhz bu idi. Yuqoslaviya, Braziliya və Zairin yer aldığı 2-ci qrupda maraqlı hadisə yaşanmışdı. Sözügedən qrupda Zair istisna qalan 3 millinin də xalları eyni idi (4). Lakin top fərqində şotlandların üzü gülməyib. +3 averajla qrup 2-cisi Braziliya yoluna davam etmişdi. +2 averajla eyni xala malik Şotlandiya isə mundiala vida etmişdi.
1978: Şotlandiya millisi müəyyən müddətdən sonra artıq ardıcıl 2-ci dəfə idi ki, mundialda çıxış edirdi. Peru, Hollandiya və İranın yer aldığı 4-cü qrupda da bəxt Şotlandiyanın üzünə gülməyib. Belə ki, Peru 5 xalla qrup 1-cisi ikən, Hollandiya və Şotlandiya millilərinin 3 xalı vardı. Yenə 1 top fərqlə evinə qayıdan Şotlandiya millisi sonuncu turda elə Hollandiya millisi ilə qarşılaşmışdı. Burada onlar, 3-2 hesabı ilə qalib gəlmişdilər.
1982: Şotlandiya millisinin ardıcıl 3-cü iştirakı. 6-cı qrupda Şotlandiyanın yanında Braziliya, SSRİ və Yeni Zelandiya milliləri yer alırdı. 2-ci və 3-cü pillə ilə xallar yenə eyni idi, amma bu səfər şotlandlar rəqibindən 2 top geridə idi. Braziliya 6 xalla qrup 1-cisi ikən, SSRİ +2 averajla toplamda 3 xalla qrup 2-cisi kimi yoluna davam etdi. Halbuki şotlandlar mundiala əla start vermişdi. İlk turda rəqib Yeni Zelandiya idi. Burada 5-2 hesabı ilə şotlandlar qalib gəldi. 2-ci turda isə Braziliya millisinə 4-1 hesabı ilə məğlub olan Şotlandiya, sonuncu turda SSRİ ilə bərabərliyə razılaşaraq mundiala "Əlvida"- dedi (o vaxtlar qalibiyyətə 2, bərabərliyə 1 xal verilirdi).
1986: Bu mundialda Şotlandiya üçün işlər heç də ürəkaçan deyildi. E qrupunda onlara rəqib Qərbi Almaniya, Danimarka və Uruqvay vardı. Burada 1 xalla qrup sonuncusu oldular. Yeganə xal sonuncu turda Uruqvayla matçda gəlmişdi.
1990: Şotlandiya millisi artıq mundiallarda mütəmadi iştirak edən millilərdən idi. Lakin heç cürə qrupdan çıxa bilmirdi. Braziliya, Kosta Rika və İsveç millilərinin yer aldığı C qrupunda onlar, 2 xal toplayaraq qrupu 3-cü pillədə başa vurdular.
1998: Bayaq da bildirdiyimiz kimi Şotlandiya millisi Braziliya, Norveç və Mərakeşin yer aldığı A qrupunda idi. Norveçlə 1-1 hesablı heç-heçə onlara yeganə xalı qazanmağa kifayət etdi.
Bir sözlə; Şotlandiya millisi 8 dəfə DÇ'da çıxış edib. Amma heç bir zaman bu mundiallarda qrupdan adlaya bilməyib. Qrup mərhələlərində isə ən çox topladığı xal sayı isə 4 olub.